AXCP yetkililəri Ərdoğanın müavini ilə görüşdü
Fuad Qəhrəmanlı və Sahib Kərimov AKP-nin qərargahında Azərbaycan-Türkiyə münasibətlərini müzakirə etdilər
Türkiyədə səfərdə olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və sədrin müşaviri Sahib Kərimov bu ölkənin siyasi dairələrində keçirdikləri görüşləri davam etdirirlər.
AXCP funksionerlərinin növbəti görüşü hakim Ədalət və İnkişaf Partiyasında (AKP) olub. Onlar AKP-nin mərkəzi qərargahında patriya sədrinin xarici əlaqələr üzrə müavini, Mərsin millət vəkili Kürşad Tüzmən, xarici işləri komissiyası sözçüsü, Çankırı millət vəkili Suat Kınıklıoğlu, Asiya Parlamenti Assambleyası Türk qrupu sədri, Şanlıurfa millət vəkili Emin Önənlə görüşüblər.
Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı səviyyəsi və bu münasibətləri inkişaf etdirməyin yolları müzakirə olunub. Qeyd olunub ki, qardaş ölkələr arasında mövcud olan problemlər indi Azərbaycan iqtidarının etdiyi kimi, münasibətləri gərginləşdirməklə yox, əlaqələri daha da sıxlaşdırmaq, intensiv müzakirələr aparmaqla həll olunmalıdır.
Türkiyə iqtidarının Azərbaycana münasibətdə müxalifətlə də təmaslar qurması və cəmiyyətin bütün kəsiimləri ilə əməkdaşlığı gəlişdirməsinin önəmi hər iki tərəfin ortaq fikri kimi vurğulanıb.
AXCP funksionerləri diqqətə çatdırıblar ki, Türkiyənin regional təşəbbüslərinin gücləndirilməsi və uğuru həm də demokratik dəyərlərin yayılması misiyasına bağlı sayılmalıdır. AKP-nin sədr müavini Kürşad Tüzmən bununla bağlı səslənən fikirlərin partiya sədrinə çatdırılacağını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra başqa məsələlər də müzakirə olunub.