Bloggerlərin həbsinə etirazlar böyüyür
ATƏT və Avropa Şurası da məsələyə qarışdı
Siyasi məhbus üzrə məruzəçidən sərt ifadə – “Əliyev hökuməti jurnalistlərlə qaba rəftarına görə tanınır”
Gənc bloggerlər Emin Milli və Adnan Hacızadə barəsində çıxarılan məhkəmə hökmü ilə bağlı beynəlxalq birliyin etirazı güclənir.
ABŞ Dövlət Departamenti və “Amnesty İnternational” təşkilatının ardınca ATƏT, Avropa Şurası və Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi də məsələyə münasibət bildirib.
“Bloggerlərə iş kəsilmədi siyasi qərardır”
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti hökmü “siyasi qərar” adlandırıb. «Azərbaycanda iki bloggerə xuliqanlıq və bədənə az ağır xəsarət yetirmə ittihamıyla iş kəsilməsi siyasi qərardır», – deyə Haraşti xarici işlər naziri Elmar Məmmədyarova yazdığı məktubda bildirib.
«Bu yeni həbslər Azərbaycanın ATƏT regionunda jurnalistləri həbsə atan ölkə kimi yaxşı tanınmış imicini daha da möhkəmləndirir. Hazırda bu ölkədə beş jurnalist həbsdədir, onlardan çoxu qurama təxribat və ədalətsiz istintaq nəticəsində uydurma ittihamlarla həbsdə yatırlar.
Prezident, Daxili İşlər Naziri daxil olmaqla hakimiyyəti tənqid etmiş gənc bloggerlərə və digər jurnalistlərə cəzaların sərtliyi açıq-aşkar siyasi qərardır», – deyə Haraşti qeyd edib.
ATƏT nümayəndəsi xatırladıb ki, hazırda Azərbaycanda Eynulla Fətullayev, Qənimət Zahid kimi tanınmış baş redaktorlar uzun müddətli cəzalarla həbsdədir və müşahidəçilər bu ittihamları «saxta» adlandırır.
«Ümid edirəm ki, Apellyasiya Məhkəməsi hökmün əksinə qərar verəcək, Emin Milli və Adnan Hacızadəni mümkün qədər tez azadlığa buraxacaq. Bununla Azərbaycan beynəlxalq ictimaiyyətə göstərər ki, üzərinə götürdüyü ATƏT-in media azadlığı öhdəliklərinə ciddi yanaşır», – deyə Haraşti vurğulayıb.
“Söhbət təkcə Adnanla Eminin azadlığından getmir”
“Azərbaycanda məhkəmə tərəfindən Adnan Hacızadəyə və Emin Milliyə təyin olunmuş olduqca sərt cəzalardan narahatam”. Bunu isə Avropa Şurasının Baş katibi Torbyörn Yaqland bəyan edib.
Baş katib «Xuliqanlığa» görə həbslə nəticələnmiş iyul hadisəsindən az öncə iki gənc «YouTube» şəbəkəsində satirik video yerləşdirmiş, orada hökuməti dolayısı ilə tənqid etmişdilər. Hadisələrin bu ardıcıllığı Azərbaycanda ifadə azadlığı üçün çəkindirici təsirə malik olacaq”, – deyə bəyanatında bildirir.
Yaqland vurğulayıb ki, Azərbaycan hakimiyyəti mediaya, vətəndaş cəmiyyətinə və ümumiyyətlə ictimai qınağa qarşı öz mövqelərinə tənqidi yanaşmaqla yenidən nəzər salmalı və bu mövqeyi Avropa Şurasının üzvü, İnsan hüquqları haqqında Avropa Konvensiyasının iştirakçısı qismində götürdüyü öhdəliklərə uyğunlaşdırmalıdır.
“İfadə azadlığı demokratiyanın həyati əhəmiyyətli ilkin şərtidir. Onsuz azadlıq, yaradıcı fəaliyyət, yaxşı ideyalar, məsələlərin düzgün həlli və sosial tərəqqi yoxdur. Söhbət təkcə Adnanla Eminin azadlığından getmir, həm də Azərbaycanda bütün insanların azadlığından və rifahından gedir”, – deyə Baş katib bəyanatında qeyd edir.
“Hökm rejimdən narazı olan digər insanlara xəbərdarlıqdır”
AŞ PA-nın Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçisi Kristofer Ştrasser də gənclərə çıxarılan hökmü pisləyən bəyanat verib. Bəyanat Almaniya Bundestaqının sosial demokrat fraksiyasının mövqeyini ifadə edir
Bəyanatda deyilir: “Bundestaqın Sosial-Demokrat Partiyası fraksiyası Emin Milli və Adnan Hacızadənin xuliqanlıqda ittiham edilərək 2 il 6 ay və 2 il müddətinə azadlıqdan məhrum edilməsinə kəskin etirazını bildirir. Onlar barədə verilən hökm rejimdən narazı olan digər insanlara xəbərdarlıq kimi qiymətləndirilir. Məhkəmə prosesi tamamilə uydurma, ittiham tərəfinin şahidlərinin ifadələri isə utandırıcı və ziddiyyətli olub.
Emin Milli və Adnan Hacizadə Azərbaycan sivil toplumunun fəal nümayəndələridirlər və onlar öz internet bloqlarında ölkələrinin siyasi durumunu tənqid ediblər. Onlar sadəcə öz fikir azadlığı hüquqlarından istifadə ediblər. Odur ki, SPD fraksiyası onların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edir.
Prezident Əliyevin hökuməti jurnalistlər, bloggerlər və müxalifət nümayəndələri ilə qaba rəftarına görə tanınır. Emin Milli və Adnan Hacızadənin simasında iki nəfər tanınmış və xaricdə geniş şəbəkəyə malik olan tənqidi düşüncəli insanı həbs etməklə bu hökumət öz nüfuzunu heç də yaxşılaşdırmadı. Avropa Şurası, Avropa İttifaqı və ATƏT onların azad olunması üçün birmənalı şəkildə çıxış ediblər. Azərbaycandakı siyasi məhbuslara dair mütəmadi olaraq hesabat hazırlayan AŞ PA indi daha iki siyasi məhbusun işi ilə məşğul olacaq. Emin Milli və Adnan Hacızadə qurama cinayət işi və böhtan sayəsində Azərbaycan həbsxanalarında oturan yeganə müxaliflər deyillər” (“Azadlıq” radiosu).
“Dava-dalaşla tələ qurmaq Azərbaycanda jurnalistləri susdurmaq alətinə çevrilib”
Mərkəzi Nyu-Yorkda yerləşən Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi də Azərbaycan hakimiyyətini gənc bloggerləri həbsdən buraxmağa çağırır.
Qurumun Avropa və Orta Asiya proqramının koordinatoru Nina Oqnianova deyib ki, polisin dava-dalaşla tələ qurması Azərbaycanda tənqidi jurnalist və yazıçıları susdurmaq alətinə çevrilib.
JMK qeyd edir ki, həbs olunmamışdan bir neçə həftə əvvəl Emin Milli və Adnan Hacızadə internetdə hökumətin siyasətini, sosial məsələləri tənqid edən satirik videolar yayıblar. Bəyanatında deyilir ki, sentyabrın əvvəlindən, məhkəmə prosesi başlayandan, prosesdə ziddiyyətli ifadələr səslənib. Zərərçəkmişlər döyülmə səhnələriylə bağlı fərqli ifadələr veriblər.